Avqust 9, 2026
Vəkil Ramil Mustafayev
Təcrübədə rast gəlinən hüquqi problemlərdən biri eyni mənzilin, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın müxtəlif vaxtlarda bir neçə şəxsə satılmasıdır. Belə hallarda əsas suallardan biri sonrakı alıcının hüquqlarının qorunub-qorunmamasıdır.
Azərbaycan mülki qanunvericiliyində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mühüm əhəmiyyət daşıyır. Şəxs daşınmaz əmlakı əldə edərkən dövlət reyestrində olan məlumatlara əsaslanmış, əmlakı özgəninkiləşdirən şəxsin buna hüququ olmadığını bilməmiş və mövcud şəraitdə bunu bilməsi də mümkün olmamışdırsa, onun vicdanlılığı məsələsi ortaya çıxır.
Lakin şəxsin sadəcə olaraq “mən əvvəlki satışdan xəbərsiz idim” deməsi onun avtomatik şəkildə vicdanlı alıcı hesab edilməsi üçün kifayət etmir. Məhkəmə alıcının əmlakı əldə edərkən göstərdiyi diqqət və ehtiyatlılığı, dövlət reyestrindəki məlumatları, müqavilənin bağlanma şəraitini, əmlakın faktiki vəziyyətini və əvvələvvəlki hüquq sahibinin hüquqlarından xəbərdar olub-olmamasını birlikdə qiymətləndirir.
Xüsusilə, daşınmaz əmlak üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması və alıcının həmin reyestr məlumatlarına etimad etməsi vicdanlılığın müəyyən edilməsində mühüm hüquqi əhəmiyyət daşıyır.
Bununla yanaşı, yeni tikililərdə eyni mənzilin bir neçə şəxsə satılması ilə bağlı mübahisələr daha mürəkkəb ola bilər. Bina və mənzillər dövlət qeydiyyatına alınmayıbsa, tərəflərin heç birinin çıxarışı yoxdursa və mənzillər payçı, investisiya və digər müqavilələr əsasında əldə edilibsə, mübahisəni yalnız “kim birinci alıb?” sualı ilə həll etmək hər zaman mümkün deyil. Tərəflərin müqavilələrinin hüquqi xarakteri, ödənişlər, mənzilin kimə və nə vaxt təhvil verilməsi, faktiki sahiblik və digər hallar ayrıca araşdırılmalıdır.
Beləliklə, eyni daşınmaz əmlakın iki və ya daha çox şəxsə satılması zamanı hər bir iş konkret halları nəzərə alınmaqla fərdi qaydada qiymətləndirilməlidir. Alıcının vicdanlı olub-odövlət reyestrinin vəziyyəti və tərəflərin hüquqlarının yaranma əsasları mübahisənin nəticəsinə birbaşa təsir göstərə bilər.
Daşınmaz əmlak əldə etməzdən əvvəl onun hüquqi vəziyyətinin, satıcının sərəncam vermək səlahiyyətinin və mövcud sənədlərin yoxlanılması gələcəkdə yarana biləcək ciddi hüquqi mübahisələrin qarşısını almağın ən mühüm yollarından biridir.