İyun 21, 2026
Psixoloq Aysu Bəkərova
Ghosting — bir insanın digər şəxslə olan ünsiyyəti heç bir izah vermədən qəfil şəkildə dayandırmasıdır. Bu davranış xüsusilə romantik münasibətlərdə daha çox müşahidə olunur və müasir dövrdə sosial şəbəkələr və tanışlıq tətbiqləri ilə daha da yayılıb. Psixoloji baxımdan ghosting sadəcə “ünsiyyətin kəsilməsi” deyil, qarşı tərəfdə qeyri-müəyyənlik və emosional boşluq yaradan bir davranış formasıdır. İnsan səbəbi bilmədiyi bir vəziyyətdə qaldığı üçün beynin “cavab axtarma mexanizmi” aktivləşir və bu da davamlı düşünmə, analiz etmə və özünü günahlandırma ilə nəticələnə bilər.Ghosting edən şəxslərdə çox vaxt konfliktlərdən qaçma, emosional məsuliyyətdən yayınma və ya bağlanma üslubunda uzaqlaşma (avoidant attachment) müşahidə olunur. Bəzi hallarda isə bu davranış empatiya çatışmazlığı və ya münasibəti “asan yolla bitirmə” istəyi ilə bağlı olur.Qarşı tərəfdə isə tərk edilmə hissi, özünəinamın azalması, narahatlıq və ruminasiya (fikrin eyni mövzu ətrafında təkrarlanması) kimi reaksiyalar yarana bilər. Xüsusilə əvvəlki emosional travması olan insanlarda bu təsirlər daha güclü ola bilər.Ghosting emosional zorakılığın dolayı forması kimi də izah olunur, çünki burada fiziki və ya açıq konflikt yoxdur, amma psixoloji qeyri-sabitlik və cavabsızlıq insanın emosional vəziyyətinə təsir edir.
Nəticə:Ümumilikdə ghosting müasir münasibətlərdə artan bir fenomen kimi qəbul olunur və onun əsas problemi ünsiyyətin olmaması deyil, izahın olmamasıdır. Sağlam münasibətlərin əsas elementi isə açıq və məsuliyyətli kommunikasiya hesab olunur.